Media təmsilçiləri Prezidentin sərəncamından danışdılar - SORĞU

15:41 01.07.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ölkə başçısı İlham Əliyev iyunun 30-da sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan mətbuatının 145 illik yubileyi təmtəraqla qeyd olunacaq. Özü də ölkə miqyasında... Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq ölkə başçısı belə bir sərəncama imza atıb.

Eyni zamanda, vurğulanır ki, 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib.

Media ictimaiyyətinin təmsilçiləri ölkə başçısının müvafiq sərəncamı ilə bağlı fikirlərini hafta.az-a bölüşüblər.

Sevinc Seyidova - "Həftə içi" qəzeti və hafta.az saytının baş redaktoru:

- Prezident İlham Əliyev tərəfindən mətbuatın 145 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanmasına dair müvafiq sərəncam dövlətin media sahəsinə diqqət və qayğısının növbəti təzahürüdür. Hazırda ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması üçün ciddi karantin rejimi tətbiq edilir. Belə bir şəraitdə dövlət başçısının imzaladığı sərəncamda 145 illik yubiley tədbirlərinin geniş qeyd edilməsi ilə bağlı göstərişləri pandemiya dövründə həkimlərimiz və polislərimizlə çiyin-çiyinə çalışan media işçilərini də ruhlandırır.

Müvafiq sərəncam həm də mediamızın gələcək inkişafı ilə bağlı yol xəritəsidir desək yanılmarıq. Çünki Prezident tərəfindən istər ənənəvi, istərsə də onlayn medianın müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinin vacibliyüi vurğulanır. Media sahəsində aparılan islahatların mövcud çatışmazlıqları mərhələli şəkildə aradan qaldıracağına inam yaradır. Hazırda Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu istiqamətdə dövlətin də dəstəyini hər zaman hiss edib. Mən də "Həftə içi" qəzeti və hafta.az saytının kollektivini, həmçinin media sahəsində çalışan bütün həmkarlarımızı 145 illik yubiley münasibəti ilə təbrik edirəm". 

Vaxtilə media sahəsində çalışmış, hazırda isə millət vəkili olan Qənirə Paşayeva isə deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman tariximizə, mədən irsimizə, eləcə də, mətbuat mənsublarına xüsusi diqqət və qayğısı ilə seçilən dövlət başçımızın bu Sərəncamı öz mətn-mündəricəsi ilə böyük əhəməiyyət kəsb edir:

“Sərəncamda Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması, habelə jurnalist təşkilatlarının, redaksiyaların təklifləri əsasında milli mətbuatımızın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması da öz əksini tapıb. Bütün bunlar bir daha onu göstərir ki, mövcud problemlərə baxmayaraq, dövlətimiz, şəxsən dövlət başçımız, jurnalistika ilə, mədəni irsimizlə və bu irsin, indiki daşıyıcıları onu davam və inkişaf etdirənlərlə bağlı məsələlərə çox həssaslıqla yanaşır”.

Millət vəkilinin fikrincə bu sərəncam, cənab Prezidentin universal dövlətçilik təfəkkürünü bir daha bariz şəkildə göstərir: “Ümummilli liderimizdən miras qalan yüksək dövlət nəzakətinin, prezident diqqət və qayğısının yeni çağırışlara və şəraitə uyğun təcallası kimi diqqəti cəlb edir.

Uzun müddət peşəkar jurnalistika ilə məşğul olmuş bir qələm adamı kimi, bir Millət vəkili kimi, nəhayət bir vətəndaş olaraq, çox minnətdarlıq etmək istərdim ki, cənab Prezidentin Sərəncamında, maarifçi babalarımızın ruhuna dərin ehtiram göstərilərək, 145 illik milli mətbuat yoluna nəzər salınıb, yüksək dəyərləndirmələr aparılıb.

Sənəddə çağdaş dövrün tələb və çağırışlarına vurğu yapılaraq, hazırda mətbuatımızın şərəfini qoruyan, əhalimizi məlumatlandıran, haqq səsimizi dünyaya yayan qələm adamlarının əməyinə yüksək qiymət verilib. Sərəncamda qeyd olunub ki milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verib, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib.

Mən cənab Prezidentə bir daha minnətdarlıq edərkən, jurnalist həmkarlarıma, bütün media mənsublarımıza da Sərəncamdan irəli gələn vəzifələrin icrasında uğurlar arzulayıram!”

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili: 

- Hər bir ölkənin milli mətbuatı onun intellektual lokomativ institutlarından biridir. Əgər bu gün Azərbaycanın milli mətbuatı hələ də öz funksiyasını yerinə yetirə bilirsə, hələ də ölkəmizin ictimai-siyasi proseslərində, milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında funksional bir institut kimi üzərinə düşəni yerinə yetirirsə, bunun üçün Azərbaycan prezidentinin diqqətinə və qayğısına borcludur. Çünki bütün dünyada milli mətbuat, xüsusən çap mediası bəlkə də yarandığı tarixdən bu günə qədər ən zor, çətin dönəmlərindən birini keçirir. Çoxsaylı alternativ, elektron resursları çap mediasını daim sıxışdırmaqdadır. Ancaq buna baxmayaraq, Azərbaycanda çap mediası inkişaf edir. Fəaliyyət göstərir. Bu gün tarixdə heç olmadığı qədər dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan prezidentinin qayğısı ilə əhatələnib. Ona görə də düşünürəm ki, bu, Azərbaycan prezidentinin milli mətbuatımıza olan diqqətinin göstəricisidir. Düz 145 il bundan əvvəl Azərbaycanın ilk qəzeti çap olundu.

Bu tarix əslində çar Rusiyası tərkibində yaşayan türk və müsəlman xalqlarının hamısının birlikdə qürur duyacağı tarixdir. Çünki “Əkinçi” qəzeti təkcə Azərbaycan milli Mətbuatının deyil, eyni zamanda, o dövrdə identfikasiyanın din və ümmətçilik üzərindən təyin edildiyi bir vaxtda bu sosial bənzərliyə uyğun olan bütün xalqlar üçün milli mətbuat rolunu oynamağı bacardı. O vaxtdan bu vaxta qədər Azərbaycan mətbuatı ilk növbədə özünün maarifləndirmə, təşkilatlandırma, təşviqetmə, mənəvi dəyərlərin qorunması, milli özünüdərkin daha da dərinləşməsi kimi funksiyalarını uğurla yerinə yetirir. Əlbəttə ki, artıq Azərbaycanda milli mətbuatımızın yubileylərinin keçirilməsi bir ənənə halını alıb.

Bu günlərdə də Azərbaycan prezidenti milli mətbuatımızın yaranmasının 145 illiyi münasibəti ilə tədbirlərin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Düşünürəm ki, bu bir daha Azərbaycan milli mətbuatına göstərilən diqqət və qayğı kimi qeyd edilməlidir. Eyni zamanda, bu gün Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin və media nümayəndələrinin fəaliyyətinə verilən qiymət kimi dəyərləndirilməlidir. Bu həm də media mənsubları üçün bir öhdəçilik yaradır. Biz bundan sonra milli mətbuatımızın fəaliyyətini daha çox milli maraqlar ətrafında koordinasiya olunmasına nail olmalıyıq. Öz üzərimizə düşən vəzifə və funksiyanı layiqincə yerinə yetirməliyik.

Aydın Quliyev - “Bakı-Xəbər” qəzetinin baş redaktoru:

- Prezidentin 145 illik sərəncamı çoxdan ənənə şəkli almış dövlət siyasətinin növbəti davamıdır. Bu fakt Azərbaycanda mediaya dövlət dəstəyinin tərkib hissəsidir.145 illik yubiley tədbirlərinin praktik əhəmiyyətli nəticələr verəcəyi şübhəsizdir. Mətbuatın və ümumən medianın indiki durumu təhlil ediləcək, perspektivlər müəyyən olunacaq, müsbət və mənfi trendləri görəcəyik. Belədə jurnalistikanın və mətbuatın nüfuzunun daha da bərkiməsi üçün yeni imkanlar açılacaq. Əvəzsiz yeri olan çap mediasının mənafeləri üçün bu sərəncamın xüsusi təsirləri və əhəmiyyəti var.

Akif Aşırlı - “Şərq” qəzetinin baş redaktoru:

- Ölkə başçısı Azərbaycan mətbuatının 145 illiyi ilə bağlı sərəncam imzaladı. Bu onun göstəricisidir ki, çətin, ağır bir dönəmdə dövlət başçısı mətbuatın cəmiyyətdə rolunu çox yüksək qiymətləndirir. Həmişə Azərbaycan mətbuatını, jurnalistləri diqqətdə saxlayır. Belə bir ağır, çətin zamanda, bu cür sərəncamın imzalanması, 145 illiyin ölkə miqyasında keçirilməsini, bu barədə müvafiq tapşırıqların verilməsini çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu Azərbaycan jurnalistlərinə verilən ən böyük töhfədir. Zaman-zaman, həmişə cənab prezidentin bizə diqqəti, qayığısı olub. Problemlərinin həlli istiqamətində dövlətin bütün imkanlarından, gücündən istifadə edilib, şərait yaradılıb. Biz jurnalistlərə qayğı və diqqəti üçün cənab prezidentə təşəkkür edirəm.

Bəhruz Quliyev - “Səs” qəzetinin baş redaktoru: 

- Cənab prezident mətbuatın hamisidir. Prezident jurnalistlərin, medianın dostudur. Bunun da kökü gedib Ulu Öndərimizə çıxır. Ulu öndərimiz də hər zaman mətbuatın problemlərini diqqətdə saxlayırdı. Cənab Prezident də Ümummilli Liderimizin irsinə həmişə sədaqətlə yanaşıb. Ulu öndər mətbuata açıq lider idi. Mətbuatın, jurnalistlərin dostu idi. Ulu öndərimiz ən maraqlı, vacib informasiyaları jurnalistlərdən alırdı.

Bu gün cənab Prezident də özünü mətbuatımızın dostu sayır və mətbuat da dövlət başçısına  jurnalistlərin dostu mükafatını verib. Bu, qarşlıqlı dostluq münasibətləridir. Müxtəlif dövrlərdə də özünü göstərib. Azərbaycan mətbuatının 145 illik yolu, yubileyləri daima müstəqil Azərbaycanda izlənilib. Onun araşdırılması, gələcək nəsillərə ötürülməsi üçün xeyli işlər görülüb. Hesab edin ki, milli mətbuatımızın səhifələrimizdə 145 illik Azərbaycan tarixi yatır. Keçmişimizi, hətta ən qədim tariximizi belə bu gün mətbuat öz səhifələrinə gətirir. Gələcək nəsillərə ötürür. Bunun özü bir tarix rolunu oynayır. Cənab prezident də bunu çox gözəl bilir. Mətbuat sahəsində çalışanların xidmətini ən yaxşı bilən və dəyərləndirən məhz cənab Prezidentin özüdür. Milli mətbuatımızın 125, 130, 135, 140, 145 illikləri ölkə miqyasında qeyd olundu.

Jurnalistə dövlət mükafatlarının verilməsi mətbuat nümayəndəsinə sanki dünyanın verilməsidir. Jurnalist qələm sahibidir. O, öz gözünün nurunu qoyur. Öz zəkasını, bilik və bacarığını bir jurnalist araşdırmasına həsr edir. Onun dövlət başçısı tərəfindən dəyərləndirilməsi deyərdim ki, jurnalist üçün ən böyük hədiyyədir, nemətdir. Bu gün biz onun gözəlliyini yaşayırıq. Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin bugünkü sərəncamı ilə Azərbaycanın mətbuat sahəsində əməyi keçən insanların zəhmətinin dəyərləndirilməsi, o cümlədən milli mətbuatımızda günümüzün ictimai-siyasi həyatında dövlət mükafatları ilə mükafatlandırılması gələcəyə doğru atılmış bir addımdır. Gələcək nəsillərə bir töhfədir. Mən deyərdim ki, eyni zamanda, bu günkü jurnalistikaya stimuldur ki, jurnalistikamız daha da sağlamlaşsın. Azərbaycanın dünyada tanınmasında, öz yerini müəyyənləşdirməsində milli mətbuatımızın özünəməxsus yeri və rolu olmalıdır. Düşünürəm ki, Azərbaycan mətbuatı cənab Prezidentin apardığı siyasətə öz dəstəyini göstərməlidir. Eyni zamanda, Azərbaycanın real görüntülərini yaratmalıdır. Belə düşünürəm ki, son dövrlərdə Azərbaycan mətbuatı həqiqətən də ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə çatdıra bilir. Məhz bu sərəncamda onların hamısının ümumiləşdirilmiş bir formasıdır ki, cənab Prezident onu ortaya qoyub. Ölkə jurnalistikasının inkişafında xidməti olanları mükafatlandırmaqla daima bizləri sevindirib. Hesab edirəm ki, bu, hər bir jurnalistin yalnız sevincinə səbəb ola bilər. Hansı siyasi mövqedə, əqidədə olursan ol, zəhmətin dövlət başçısı tərəfindən qiymətləndirilirsə, bundan böyük xoşbəxtlik ola bilməz.